Qallereya









Korrupsiya ilə mübarizəyə həsr olunmuş tədbirlər davam edir

Azərbaycan Gənc Hüquqşünaslar Birliyi proqramını davam etdirir. Bir müddət ATƏT-in Bakı ofisinin dəstəyi ilə fəaliyyət göstərən layihə hazırda avrasiya Fondunun dəstəyi ilə davam etdirilir.
2005-ci ilin dekabr ayında Gəncə şəhərində və Xaçmaz rayonunda Korrupsiya ilə mübarizəyə həsr olunmuş təlimlər keçiriləcəkdir. Təlimlərdə Korrupsiya ilə mübarizə sahəsində qəbul olunmuş normativ-hüquqi sənədlər, qanunlar və beynəlxalq konvensiyalar barədə məlumat veriləcəkdir. Təlimlər layihə çərçivəsində hazırlanmış təlim modulları əsasında keçiriləcəkdir.
Bundan əlavə 19 dekabr 2005-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində “Korrupsiya ilə əlaqədar hüquqpozmalar və vəzifəli şəxslərin məsuliyyəti” adlı dəyirmi masa keçiriləcəkdir. Dəyirmi masada dövlət orqanlarının əməkdaşları, QHT nümayəndələri, Millət Vəkilləri, KİV nümayəndələri ilə yanaşı Beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələri də iştirak edəcəkdir.
Qeyd olunan dəyirmi masa və təlimlərin keçirilməsi ərəfəsində İctimai Televiziyada gənclərin və mütəxəssisləırin iştirakı ilə Korrupsiya ilə mübarizəyə həsr olunmuş Tok Şoular keçiriləcəkdir.

Gənc Hüquqşünaslar Birliyinin mətbuat xidməti


İSMAYILLI RAYONUNDA KORRUPSİYA İLƏ MÜBARİZƏYƏ HƏSR OLUNMUŞ
REGİONAL KONFRANS KEÇİRİLMİŞDİR

Bu gün, 15 avqust 2005-ci il tarixində Azərbaycan Gənc Hüquqşünaslar Birliyi ATƏT-in yerli icraçı partnyoru qismində İsmayıllı rayonunda Korrupsiya ilə mübarizəyə həsr olunmuş regional konfrans keçirmişdir.
Ismayıllı şəhərinin Gülüstan Şadlıq Sarayında keşirilmiş konfransda Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin Sədri Nadir Adilov məruzə edərək qeyd etmişdir ki, regional konfransların keçirilməsində əsas məqsəd regionlarda maarifləndirmə işinin aparılması və Korrupsiya ilə mübarizəni özündə əks etdirən qanun və digər normativ-hüquqi aktların əhaliyə düzgün çatdırılmasıdır. N. Adilovun sözlərinə görə analoji kofranslar İsmayıllı rayonundan başqa Şəki, Lənkəran, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində də keçiriləcəkdir.
Regional konfransda açılış nitqi ilə ATƏT-in Azərbaycandakı səfiri Maurisio Pavesi çıxış edərək ATƏT-in bu regional konfransları dəstəklədiyindən məmnunluq hissi duyduğunu diqqətə çatdırmış və bu konfransların gələcək üçün böyük əhəmiyyət daşıdığını qeyd etmişdir. Səfir ilk belə Konfransın İsmayıllı rayonunda keçirilməsinə münasibət bildirərək qeyd etmişdir ki, digər rayonlarda keçiriləcək bu tipli konfranslar təcrübi baxımdan çox əhəmiyyətlidir. Səfiri konfransda ATƏT-in iqtisadi və ekoloji məsələlər üzrə müşaviri Devid Svaley müşayət etmişdir. Fasilə zamanı Səfir Konfransda iştirak edən ictimaiyyət nümayəndələri ilə də görüşmüşdür.
Səfirin nitqindən sonra “Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasının Qanunu və Dövlət proqramı barədə malumat. Qanun və Proqramdan irəli gələn vəzifələr” adlı məruzə ilə Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiya ilə mübarizə üzrə Komissiyanın Katibi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq-muhafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi İnam Kərimov məruzə etmişdir. Inam Kərimov Qanun və Dövlət proqramı barədə ətraflı məlumat verməklə yanaşı qarşıda duran işlər barədə də konfrans iştirakçılarını məlumatlandırmışdır.
“Azərbaycan Respublikasının Baş Prokurorluğu Korrupsiya ilə mübarizə aparan ixtisaslaşmış orqan kimi” adlı məruzə ilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə İdarəsinin Analitik-İnformasiya İdarəsinin prokuror əvəzi Mübariz Əhmədov çıxış etmişdir. M. Əhmədov Baş Prokuror yanında yaradılmış Korrupsiyaya qarşı mübarizə İdarəsi barədə iştirakçılara geniş məlumat vermiş və İdarənin iş prinsipləri ilə Konfrans iştirakçılarını tanış etmişdir.
Konfransda həmçinin, İsmayıllı, Ağsu və Qəbələ rayonlarının da prokurorları iiştirak etmişlər.
Müzakirələrə yerli hüquq-mühafizə orqanlarının əməkdaşları, sahibkarlar, vəkillər və yerli QHT nümayəndələri qoşulmuşdur.
Konfrans öz işini yüksək səviyyədə bitirmişdir.

Gənc Hüquqşünaslar Birliyinin mətbuat xidməti


KORRUPSİYA İLƏ MÜBARİZƏYƏ HƏSR OLUNMUŞ REGİONAL İSMAYILLI KONFRANSI KEÇİRİLƏCƏK
MƏTBUAT DƏVƏT OLUNUR

Azərbaycan Gənc Hüquqşünaslar Birliyi ATƏT-in yerli icraçı partnyoru qismində 15 avqust 2005-ci il tarixində İsmayıllı rayonunda Korrupsiya ilə mübarizəyə həsr olunmuş regional konfrans keçirəcək. Saat 10:00-dan 13:00-a dək İsmayıllı şəhərinin Gülüstan Şadlıq Sarayında davam edəcək konfransda açılış nitqi ilə ATƏT-in Azərbaucandakı səfiri Maurisio Pavesi çıxış edəcəkdir. Yerli icra strukturları, hüquq-mühafizə orqanları, yerli özünüidarə orqanları, QHT-lər, sahibkarlar, vəkillər, KİV nümayəndələrinin də edəcəyi bu konfrans regionlarda maarifləndirmə məqsədi ilə keçirilir. Konfransda İsmayıllı da daxil olmaqla, yaxın 3 rayonun prokurorları da iştirak edəcəkdir.
Konfransda məruzə ilə Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin sədri Nadir Adilov məlumat nitqi ilə çıxış edəcək və korrupsiya ilə mübarizəyə həsr olunmuş konfrans barədə məlumat verəcəkdir.
Daha sonra “Korrupsiyay qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanunu və Dövlət proqramı barədə məlumat. Qanun və proqramdan irəli gələn vəzifələr” adlı məruzə ilə Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiya ilə mübarizə üzrə Komissiyanın Katibi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi İnam Kərimov məruzə edəcəkdir.
Məruzə dinlənildikdən sonra “Azərbaycan Respublikasının Baş Prokurorluğu Korrupsiya ilə mübarizə aparan ixtisaslaşmış orqan kimi” adlı məruzə ilə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin nümayəndəsi çıxış edəcəkdir. Məruzələr bitdikdən sonra sərbəst müzakirələr öz işinə başlayacaqdır. Konfarns iştirakçıları müəyyən məsələlərə münasibət bildirərək, sual-cavab prosesində iştirak etmək imkanı qazanacaqdır.
Məlumat üçün qeyd edək ki, analoji konfranslar Şəki, Lənkəran, Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində də keçiriləcəkdir.
Konfransda iştirak etmək istəyən QHT-lərin və KİV-lərin, Televiziya və radio şirkətlərinin regional nümayəndələri əvvəlcədən Azərbaycan Gənc Hüquqşünaslar Birliyinə müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Əlaqə telefonları: 441-34-79 , 497-32-47, 050 364-13-31

Gənc Hüquqşünaslar Birliyinin mətbuat xidməti


"Korrupsiyaya qarşı mübarizə haqqında sənədlər torlusu, qanunlar, fərmanlar, sərəncamlar, beynəlxalq konvensiyalar" kitabının təqdimatı olub

05.08.2005. BAKI. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Korrupsiyaya qarşı mübarizə haqqında sənədlər torlusu, qanunlar, fərmanlar, sərəncamlar, beynəlxalq konvensiyalar" adlı kitabın təqdimat mərasimi keçirilib (APA). Təqdimat mərasimini Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin (AGHB) sədri və kitabın redaktoru Nadir Adilov açaraq, kitabın Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın yaxından köməkliyi və Amerika Hüquqşünaslar Assosiasiyasının maliyyə dəstəyi ilə AGHB tərəfindən çap olunduğunu deyib.
Kitabın məsləhətçisi, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu daimi komissiyasının sədri Əli Hüseynov kitabın əhəmiyyəti barədə məlumat verərək, nəşrin hüquq-mühafizə orqanlarının əməkdaşları, QHT-lər, hüquqşünaslar üçün nəzərdə tutulduğunu qeyd edib. Kitabın cəmiyyətdə maarifləndirmə işinin sürətləndirilməsinə yaxından köməklik göstərəcəyini bildirib.
Sonra kitabın tərtibatçısı - Prezidentin İcra Aparatının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin məsləhətçisi İnam Kərimov, Milli Məclisin Elm və təhsil komissiyasının sədri Şahlar Əsgərov, millət vəkili Qüdrət Həsənquliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu və başqaları çıxış ediblər.

/APA/ 05. 08. 2005. BAKI.


Ədliyyə Nazirliyində gənc hüquqşünaslarla görüş keçirilib

02.08.2005. BAKI. Bu gün Ədliyyə Nazirliyinin (ƏN) rəhbər heyətinin qeyri-hökumət təşkilatında birləşən gənc hüquqşünaslarla görüşü keçirilib. Bu barədə APA-ya ƏN-in mətbuat xidmətindən məlumat verilib. Görüşdə ədliyyə naziri Fikrət Məmmədov ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları barədə ətraflı məlumat verib, ədliyyə orqanlarında gənclərin xüsusi roluna toxunaraq, onların seçilib yerləşdirilməsi, peşəkar mütəxəssis kimi formalaşdırılması və potensiallarından səmərəli istifadə edilməsi məsələlərinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb: “Bu gün nazirliyin mərkəzi aparatının əməkdaşlarının yarısı gənclərdir”. Görüşdə iştirak edən Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin sədri Nadir Adilov təşkilatın fəaliyyəti və beynəlxalq əlaqələri, o cümlədən yaxın vaxtlarda keçirilməsi nəzərdə tutulan gənc hüquqşünasların beynəlxalq Bakı konfransına hazırlıq haqqında məlumat verib.

/APA/ 02. 08. 2005. BAKI.


“KORRUPSİYAYA QARŞI MÜBARİZƏ HAQQINDA SƏNƏDLƏR TOPLUSU, QANUNLAR, FƏRMANLAR, SƏRƏNCAMLAR, BEYNƏLXALQ KONVENSİYALAR” adlı kitab barədə

QISA MƏLUMAT

Azərbaycan Respublikası Dövlət Qulluğunu İdarəetmə Şurası yanında Korrupsiyaya qarşı mübarizə uzrə Komissiyasının yaxından köməkliyi ilə və Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELI/USAID) maliyyə dəstəyi ilə Azərbaycan Gənc Hüquqşünaslar Birliyi tərəfindən “Korrupsiyaya qarşi mübarizə haqqinda sənədlər toplusu, qanunlar, fərmanlar, sərəncamlar, beynəlxalq konvensiyalar” adli kitab çap olunmuşdur.
Kitabın Məsləhətçisi Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Daimi Komissiyasının Sədri Əli Hüseynov, Redaktoru Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin Sədri Nadir Adilov, Tərtibatçısı isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq-Mühafizə orqanları ilə iş şöbəsinin böyükl məsləhətçisi İnam Kərimovdur.
Kitabda müxtəlix qanunlar, fərmanlar, sərəncamlar, beynəlxalq konvensiyalar öz əksini tapmışdır. Bununla yanaşı korrupsiya probleminin daha aydın anlaşılması məqsədi ilə Kitabın Məsləhətçisi Milli Məclisinin Hərbi və inzibati qanunvericilik şöbəsinin böyük məsləhətçisi Eldar Əsgərov tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununa mülahizə yazılmış və Qanun müxtəlix beynəlxalq sənədlərlə müqayisəli şəkildə öyrənilmişdir.
356 səhifədən ibarət olan kitab xüsusən Hüquq-mühafizə orqanlarının əməkdaşları və bu sahə ilə maraqlanan insanlar, QHT-lər, tələbə, magistrlar və elmi işçilər üçün nəzərdə tutulmuşdur.
Kitabın təqdimat mərasimi 05 avqust 2005-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzinin böyük zalında saat 10:00-dan 12:00-adək keçiriləcəkdir. Təqdimat mərasimində dövlət orqanlarının əməkdaşları, Millət Vəkilləri, korrupsiya problemləri sahəsində fəaliyyət göstərən insanlar, QHT-lər və digər ictimai-siyasi fəaliyyətlə məşğul olan insanlar yaxından iştirak edəcəkdir.

Gənc Hüquqşünaslar Birliyinin mətbuat xidməti


“Korrupsiya ilə mübarizədə vergi orqanlarının rolu” mövzusunda dəyirmi masa keçirilib

15.07.2005. BAKI. Bu gün Gənc Hüquqşünaslar Birliyi (GHB) “Korrupsiya ilə mübarizədə vergi orqanlarının rolu” mövzusunda dəyirmi masa keçirib (APA). Toplantıda giriş sözü ilə çıxış edən GHB-nin sədri Nadir Adilov tədbirin Avrasiya Fondunun maliyyə dəstəyi ilə həyata keçirildiyini vurğulayıb. O, layihə çərçivəsində üç belə tədbirin keçiriləcəyini bildirib. Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi, Dövlət Qulluğunu İdarəetmə Şurası Yanında Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi İnam Kərimov təmsil etdiyi qurumun bu sahədə indiyə qədər gördüyü işlər barədə məlumat verib. O, Korrupsiyaya Qarşı Dövlət Proqramının bu yönümdə əsas sənəd olduğunu xatırladıb. İ. Kərimov bildirib ki, Korrupsiya Qarşı Mübarizə Komissiyasının fəaliyyət proqramı tərtib olunub. Bu proqrama əsasən, ilin sonuna qədər 8 tədbir keçiriləcək. Komissiya korrupsiyanın qarşısını almaq məqsədilə dövlət qurumlarında işə qəbulun müsabiqə yolu ilə aparılması barədə qərar verib. Onun sözlərinə görə, Azərbaycan korrupsiya ilə mübarizəyə dair beynəlxalq konvensiyalara qoşulub və bu təşkilatlar qarşısında öhdəliklər götürüb.
Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsi əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili, kiçik vergi müşaviri Nəcəf Xəlilov təmsil etdiyi orqanın korrupsiya ilə mübarizədə roluna toxunaraq, görülmüş işlər barədə məlumat verib. N. Xəlilov hökumətin korrupsiyanın qarşısını alınması üçün mühüm tədbirlər gördüyünü deyib: “Neqativ halların qarşısını almaq məqsədilə vergi sistemində sadələşdirmələr aparılır. Bunun üçün nazirlik müxtəlif beynəlxalq proqramlara qoşulur. TACİS proqramı vergi sisteminin təkmilləşdirilməsi və inkişafı üçün 1,5 milyon avro ayırıb. Birbaşa ünsiyyəti azaltmaq məqsədilə sənədlərin İnternet vasitəsilə təqdim olunması həyata keçiriləcək”. N. Xəlilov Vergi Kodeksinin tərtib edildiyini deyib. O, bu günə kimi törətdiyi qanunsuzluqlarla görə 34 nəfərin işdən azad edildiyini, 9-nun rütbəsinin aşağı salındığını, 12-nin aşağı vəzifəyə göndərildiyini və 400-ə qədər əməkdaşa qarşı isə bir sıra digər tədbirin həyata keçirildiyini bildirib. Respublika Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı Elnur Musayev isə bu məsələ ilə bağlı prokurorluqda artıq on cinayət işinin başlandığını deyib. E. Musayev mübarizə sahəsində dövlət qurumları və QHT-lərlə əməkdaşlıq edildiyini bildirib. Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin Korrupsiya və Maliyyə saxtakarlığına qarşı bölməsinin nümayəndəsi Azər Məmmədov nazirliyin tərkibində bu qurumun yeni yaradıldığını söyləyib. Onun sözlərinə görə, bölmə bu sahədə mühüm tədbirlər həyata keçirməyi qarşısına məqsəd qoyub. Sonda dövlət qurumlarının nümayəndələri dəyirmi masa iştirakçılarının suallarını cavablandırıblar.

/APA/ 15. 07. 2005. BAKI.


KORRUPSİYA İLƏ MÜBARİZƏYƏ HƏSR OLUNMUŞ NÖVBƏTİ DƏYİRMİ MASA KEÇİRİLƏCƏKDİR

Azərbaycan Gənc Hüquqşünaslar Birliyi tərəfindən Avrasiya (USAİD) Fondunun maliyyə dəstəyi ilə 15 iyul 2005-ci il tarixində saat 09.30-dan 13.00-a dək Beynələxalq Mətbuat Mərkəzində “KORRUPSİYA İLƏ MÜBARİZƏDƏ VERGİ ORQANLARININ ROLU” adlı dəyirmi masa keçiriləcəkdir. Dəyirmi masada məruzəçi qismində Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsi Əməliyyat şöbəsinin böyük əməliyyat müvəkkili, kiçik vergi xidməti müşaviri Nəcəf Xəlilov məruzə ilə çıxış edəcəkdir. Dəyirmi masada Korrupsiyaya Qarşı Mübarizədə vergi orqanlarının rolu, maliyyə xarakterli tədbirlərin əhəmiyyəti va sairə məsələlər müzakirə olunacaqdır.
Dəyirmi masada hökumət nümayəndələri, Millət Vəkilləri, Beynəlxalq Təşkilatların nümayəndələri, sahibkarlar və KİV nümayəndələri iştirak edəcəklər.
Qeyd olunan məruzəni dinlədikdən sonra iştirakçılar müzakirələrdə iştirak edəcəklər
Maraqlanan şəxslər dəyirmi masada iştirak edə bilərlər.

Gənc Hüquqşünaslar Birliyinin mətbuat xidməti


KORRUPSİYA İLƏ MÜBARİZƏ SAHƏSİNDƏ SƏNƏDLƏRİ ÖZÜNDƏ ƏKS ETDİRƏN KİTAB İŞIQ ÜZÜ GÖRƏCƏK

Azərbaycan Gənc Hüquqşünaslar Birliyi Amerika Hüquqşünaslar Assosiasiyasının dəstəyi ilə, korrupsiya ilə mübarizə sahəsində yeni kitab çap etməyi planlaşdırır. Korrupsiya ilə mübarizəyə həsr olunmuş qanun, normativ hüquqi aktlar və beynəlxalq konvensiyaları özündə əks etdirəcək bu kitabda həmçinin Azərbaycan Respublikasının Korrupsiya ila Mübarizə haqqında qanununa müəyyən şərhlər də yazılacaqdır. Son zamanlar qəbul olunmuş sənədlər və qanunlar da kitabda öz əksini tapacaqdır. 1000 tirajla çap olunacaq kitab hüquq-mühafizə orqanlarının əməkdaşları, hüquqşünaslar və korrupsiya ilə mübarizə sahəsində çalışan insanlar üçün nəzərdə tutulub. Kitablar pulsuz paylanacaq.

Gənc Hüquqşünaslar Birliyinin Mətbuat Xidməti




 “Korrupsiya ilə mübarizədə gənclərin və gənc hüquqşünasların rolu” mövzusunda dəyirmi masa keçirilib

29.04.2005. BAKI. 29 Aprel 2005-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində Gənc Hüquqşünaslar Birliyinin (GHB) təşkilatçılığı ilə “Korrupsiya ilə mübarizədə gənclərin və gənc hüquqşünasların rolu” mövzusunda dəyirmi masa keçirilib. (APA) Tədbirdə “Gənclərin və gənc hüquqşünasların korrupsiyaya qarşı mübarizədə rolu” mövzusunda məruzə ilə çıxış edən GHB-nin sədri Nadir Adilov bildirib ki, korrupsiyaya qarşı qanunun və digər normativ hüquqi sənədlərin qəbulu təqdirəlayiqdir. Sədr deyib ki, bununla yanaşı, korrupsiya ilə mübarizə vasitələrinin istənilən effekti verməməsi Azərbaycanın beynəlxalq aləmdə nüfuzuna böyük zərbə olar: “Hər bir Azərbaycan vətəndaşı bu sahədə üzərinə düşən vəzifəni yerinə yetirməlidir”. Tədbirin Avrasiya Fondunun maliyyə dəstəyi ilə keçirildiyini qeyd edən N. Adilov Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlət Proqramı barədə məlumat verib. Nazirlər Kabinetinin korrupsiya ilə mübarizə işçi qrupunun üzvü Mehriban Qarayeva qanunun yeni qəbul edildiyini xatırladıb. Onun fikrincə, yeni qəbul edilmiş qanunun yerinə yetirilməsində hansısa qüsurlara yol verilməsi təbiidir. Ombudsman Aparatının şöbə müdirinin müavini Aydın Səfixanlı da bu sahədəki qanunvericiliyin təkmilləşməyə ehtiyac olduğunu vurğulayıb: “Ombudsman Aparatında illik hesabat hazırlanır. Həmin sənəddə korrupsiyaya qurşanmış vəzifəli şəxslərin adları qeyd olunur. Bunun nəticəsidir ki, çox sayda rayonun icra başçısı, polis rəisləri və digər vəzifəlilər işdən azad olunub”.

/APA/ 29.05.2005.



 Gənc hüquqşünaslar üçün korrupsiyaya qarşı mübarizəyə dair təlim keçirildi.

6-7 aprel tarixində Azərbaycan Gənc Hüquqşünaslar Birliyi korrupsiya ilə mübarizə sahəsində gənc hüquqşünaslar, gənclər təşkilatları, QHT nümayəndələri üçün Korrupsiyaya Qarşı Mübarizə haqqında Azərbaycan Respublikasının qanununun  və o cümlədən müvafiq dövlət proqramının ətraflı mənimsənilməsi ilə əlaqədar  təlim keçirib. Birlikdən APA-ya verilən məlumata görə, təlimldə müxtəlif QHT-ləri təmsil edən 22 gənc hüquqşünas iştirak edib.



Təlimdə ekspert qismində millət vəkili, Konstitusiya Araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev, Humanitar Tədqiqatlar Cəmiyyətinin Sədri Əvəz Həsənov, Gənc Hüquqşünaslar Birliyinin idarə heyətinin üzvü  Murad Yəhyayev və AGHB-nin sədri Nadir Adilov iştirak edib.



Təlimin monitorinqini aparan Avrasiya Fondunun nümayəndəsi Kazım Quliyev korrupsiya ilə mübarizə sahəsində, hüquqi maarifləndirmə sahəsində gənclərin böyük rol oynaya biləcəyini vurğulayıb. Təlim USAID və Avrasiya Fondunun dəstəyi  ilə həyata keçirilib.

/APA/ 07.04.2005. BAKI.



Üzvlər üçün

     İstifadəçi

     Parol